Alman klinikasında 8 gün
19/03/2021 523

Alman klinikasında 8 gün

Alman xəstəxanalarında xəstəyə qulluğa daxildən nəzər yetirmək istəyənlər bu yazını oxuya bilərlər. Məqalədə azərbaycan və alman xəstəxanasında  xəstəyə münasibət müqayisəli şəkildə təqdim olunur.

Xəstə qəbulu şöbəsindən, otağınıza və cərrahi şöbəyə daşınanadək qarşılaşacağınız heç bir tibb personalından kobud rəftar, atmaca, "işindənbezmiş adam" ifadəsi ilə üzləşmirsiniz. Əməliyyat öncəsi palatanızda sizə qısaqol, arxası açıq xalat, kleevoy adlandirildigimiz materialdan rezinli papaq və tor alt geyimi verilir. Qolunuza yeni doğulmuşlarda gördüyünüz, adınız və xəstə kodunuz üzərində qeyd edildiyi biləklik taxılır. Linza, eynək, taxma diş, bəzək əşyaları – bunlar varsa, çıxarmanız xahiş olunur. Allergiyanız, dininiz, hepatit, ürək xəstəliyi və s. barədə suallar yer alan anket doldurulur və siz palatanızda, öz yatağınızda cərrahi masaya daşınmaq üçün sıranızı gözləyirsiniz.  Otağınızdakı əşyaların itməsinə görə tibb personalı məsuliyyət daşımır. Bu bəyanı sizə yazılı bildirir və imzaladırlar. Sizə aid şkafda kiçik seyf olur, qapısını kilitləyib açarıı özünüzdə saxlaya bilərsiniz. Özünüzlə termos götürməniz məsləhətdir. Koridorlarda yerləşdirilən termos  və çay-kofe paketləri yeni korona qaydalarına görə yığışdırılıb. Termosunuz olduğu halda, sutkanın istədiyiniz saatında isti içəcəyinizi özünüz hazırlaya bilərsiniz. Xəstəxanada günlük qalmaq üçün 10 avro ödəyirsiniz, qalan xərcləri sığortanız qarşılayır.  

Bir qayda olaraq, alman xəstəxanaları meşəlik  ərazi ilə çevrələnib. Xəstələr yataqdan pəncərəyə boylananda hündür şam ağaclarını görür, palatadakı səssizliyi isə quşların cəh-cəhi pozur. Alman klinikasına daxil olan andan buradakı tibbi xidməti Azərbaycandakı tibbi xidmət ilə müqayisə etməyə başlayırsan. Alman klinikasına ayaq basdığınız andan xəstə üzərində qənaət etməyə çalışan tibb müəssisəsində olmadığınızı anlayırsınız. Respublika Uşaq Xəstəxanasına uşağı müayinəyə apardığımda arxamca qaçıb ayağımdakı baxili çıxarmamı tələb edən güvənlik işçisini xatırlayıram.Səbəbini soruşduqda  "baxili yalnız uşaq geysin, siz çıxarın, rəhbərliyin göstərişi belədir" cavabını eşidirəm. Gülməli cavabdır. Sanki mikroblar uşaq və böyük ayaqqabısı seçir. "Mənim ayağımdakı bu baxili nə sizin rəhbərlik, nə də nazirlik gəlib çıxara bilməz! Çəkilin yolumdan", deyib keçirəm. Və daha girişdən bu xəstəxana mənə öz "xoş" əhvalını bəxş etmiş olur. 

 

Bax: https://youtu.be/Dv5SuzatFL0

Palatanız hər gün dezinfeksiyaedici məhlullarla silinəcək, zibil qutularındakı salofan torbalar dəyişdiriləcək, günə 5 butulka su içsəniz belə, boş butulkalar götürülüb dolusu ilə əvəzlənəcək. Təmizlənmək istəsəniz, sizə şampun və

dəsmal gətirəcəklər. Tualetinizdə gigiyenik vasitələr (maye sabun, tualet kağızları, dezinfeksiyaedici məhlul) “yox”a çıxmayacaq. Ürəyiniz bulanarsa və qusma “fincanın”na (brechenbecker) ehtiyacınız yaranarsa, bir yerinə, yanınız əlavə 5 ədəd “brechenbecker” qoyulacaq. Ayağa qalxa bildiyiniz gündən yataq dəstiniz tər-təmiz yeni dəst ilə əvəz ediləcək.

Palatanızdan çıxdığınızda koridorda öz ölkənizi xatırladacaq dialoqu eşidə bilərsiniz: “İntensiv işlə və aldığın pul heç nəyə çatmasın. Artıq belə getməyəcək, xərcləri çatdırmıram, uşaq üzümü görmür”. Beynində sual yaranır, bu işçinin də maaşı ona yetmir, bəs onda niyə o da xəstəyə bağırmır, üz-gözünü turşutmur, bütün borclarını xəstəyə xatırlatmır? Niyə yol qəzası keçirmiş, huşsuz vəziyyətdə xərəkdə yatan xəstənin üstündən adyalı çəkib, yaxınına da “adyala qan tökülüb, kim təmizləyəcək indi bunu!” çəmkirib getmir? Bəlkə ona görə ki, xəstəxana rəhbərliyi baxilin, təmizlik tozunun, sabunun pulunu onun maaşından çıxsa da,o, buna etiraz etməklə heç nə əldə etməyəcəyini bilir. Xoşun gəlmir, xoş getdin iş prinsipi.

Azərbaycan səhiyyə sistemində sağlamlıq sığortasının olmaması (və ya işlək olmaması)  və korrupsiya həm xəstələri, həm tibbi personalı mənən alçaldır. Tibb sahəsində işlədiyim dövrdə arxamca qaçıb cibimə 1-3 Azn basmağa çalışan valideynlər, imkanınız var, alın dərmanı, yoxsa, uşağınız öləcək deməyə məcbur həkimlər, laboratoriyada qan verdiyiniz yerdə aparılan qiymət sövdələşməri və başınızı üstündə Səhiyyə Nazirinin “Azərbaycanda Səhiyyə Xidməti Pulsuzdur” ifadəsi. Neyrocərrahiyə Xəstəxanasında başından əməliyyat olmuş rəfiqəmi ziyarətə getmişdim. Yarım saat ərzində 3cü xadimə idi ki, palataya daxil olub döşəməni silirdi: “Allah şəfa versin, gözəl xanımsınız. Mənim də oğlum əsgərlikdə.. Tək saxlayıram evi.. Çox çətindir.. Hər yanına gedəndə nə qədər şey-şüy alıb gedirəm. Ana ürəyidir də.." Bir az pauza verir. Əsas mərhələyə keçid etməyə hazırlaşır. Ancaq rəfiqəm onu çox gözlətmir: "Al, 20 manatdır, oğluna kontur yükləyərsən " Təmizlik işçisinin qulağındakı və boynundakı qızıllar, tatulu qaşı insanı çaşdırır. Ağır xəstənin otağını 3cü dəfə gərəksiz yerə silib pul istəməyi necə bacarır axı tibb işçisi?

Alman səhiyyə sistemi fokusunda pasient məmnunluğunu saxlayırsa, Azərbaycan səhiyyəsində əsas fokus rəhbərliyin göstərişləridir. Məhz rəhbərliyin qərarıdır ki, Olimpdəki Uşaq Nevroloji Dispanserinə, Respublika Uşaq Xəstəxanasına xəstələr əsas girişdən deyil, xəstəxananın başına fırlanıb arxa qapıdan daxil olmağa məhkumdurlar. Əsas girişlər "hörmətli" və "yüksək səviyyəli" qonaqların gəlişi zamanı açılır. Uşaq Nevroloji Xəstəxanasında tibb bacısının valideyn ilə dalaşır. Hər kəs seyr edir bu səhnəni: Uşağına sahib çıx da, palatanın divarını boyayıb. Təzə remontdan çıxmışdı otaq. İndi ver kraskanın pulun! Ağ eləmisiz day!".  

İki ölkənin səhiyyə sistemini fərqləndirən daha bir amil alman tibb işçilərinin əlvan kosmetik boyalardan, zinət əşyalarından, uzun dırnaqlı manikürdən istifadə etməmələri, baş həkim- assistent həkim, yeni kadr münasibətlərində "mən səndən üstünəm" yanaşmasının gözə çarpmamasıdır.

İstər alman xəstəxanasında yatın, istər digər ölkələrin ənkeyfiyyətli xəstəxanasında yatın, 24 saat sırf sizə qulluq etmək üçün ayrılmış tibbi personal yoxdursa, "hər cərrahiyyə əməliyyatı bir riskdir" ifadəsi sizə bir addım daha yaxın olacaq. Sizə qoşulan sistem boşalır. Bir saat, iki saat, 3 saat.. Ayaqyoluna getməniz lazım, sistemlə gedə bilməzsiniz. Düyməyə basıb tibb işçisini çağıracaqsınız. Gündə neçə sistem qoşulursa, o qədər. Tibb bacısı nə qədər tez gələcək? Həmin gün növbədə xəstələrin durumundan və ya sadəcə tibb bacısının istəyindən asılıdır. Lazımsız yerə qırmızı düymə ilə “oynayan” xəstələri dünyanın ən lyuks xəstəxanalarında belə sevməzlər. Ən yaxşısı, huşunuz yerindədirsə, sistem şlankını qolunuzdakı şlankdan özünüzün ayırması. Bunu öyrənin, çox sadədir. O zaman tibb işçilərinə daha ağır xəstələrə vaxt ayırmağa da kömək edəcəksiniz.

Xəstə çarpayılarının daxili yan tərəfində düymələr basılaraq ayaq-baş hissəsinin hündürlüyü tənzimlənə bilir. Çarpayının pultu olur, qırmızı düyməyə basıb tibb işçisini çağıra bilərsiniz. Tibbdən anlayışınız olması, alman dili bilməniz sizə yalnız fayda gətirəcək: Gənc tibb işçisinin iynə yerini spirtləmədən iynə vurmasını sezəcəksiniz, bir həkimin səhər “obxodu”nda yarana buz qoy, digər həkimin “buz qoyma” tövsiyyəsi arasında hansının düz olduğuna qərar verə biləcəksiniz. Digər xəstəxanalardakı iş sistemini bilmirəm amma bir xəstəni hər dəfə fərqli həkimin müayinə etməsini dəstəkləmirəm. Əməliyyat qərarı verən və əməliyyat edən həkimi ağır postəməliyyat dövründə sadəcə bircə dəfə görürsünüz. O isə iki cümlə ilə kifayətlənir: “sizə zondu nahaq çıxardınız, yenidən taxa bilərik.  Sizə danışmaq olmaz”.  Hər axşam qızdırmanız olur, ağrıkəsici istəyirsiniz. Səhər kontrola gələn tibb işçiləri qızdırmanızın olmadığını deyir, sizsə axşam ağrıkəsici-qızdırmasalıcı icdiyiniz üçün qızdırmanızın düşdüyünü izah edə bilməyəcək qədər həvəssiz və yorğunsunuz.

8 günün dərsi

Palataya daxil olduğum gündən xəstəxanadan çıxdığım günədək 3 otaq yoldaşım oldu. Xəstəliyi sağalmış lakin evə getmək istəməyən, 2 yanğınsöndürənin köməyi ilə evinə yola salınan 200 kiloluq Frau Hut,  gecə səhərədək yatağında oturaraq pəncərədən baxan, 2 dəfə anju olunmuş, qulağında eşitmə cihazlı, tibb işçisinin“sizdə Parkinson var?” sualına əsəbləşib “yoxdur” cavablayan, baxışlarımız qarşılaşdıqca “”Allah sizə şəfa versin” deyən 75 yaşlı Frau Schvayç. Və məni kövrəldən 20 yaşlı Luiza.

Əməliyyat öncəsi sorğu anketimi dolduran tibb bacısıyıa daxil oldular palataya. Belində rükzak, ayağında parça idman ayaqqabısı, çox qısa saçlarını xırda tokalarla üzünə tökülməsin deyə yığıb.

-Neçə yaşınız var?

Luiza: 20.

- Sizi xəstəxanadan çıxarmağa kim gələcək?

Luiza susur……

-Ananız gələcək ya atanız? Sizinlə bağlı təcili hallarda kimlə əlaqə saxlaya bilərik?

Luiza: Baxıcı-Məsləhətçimlə (almanca Betreuer)

4 ağıl dişi çəkildikdən sonra təkrar otağa gətirilən palata yoldaşım Luiza anası zəng edəcək deyə 2 gün telefondan gözünü çəkmədi. Halını soruşan oğlan dostuna “anam yığmadı, baxıcım səhər 6da yığdı” deyəndə 20 yaşlı bu qızın hələ də ana səsi gözləyən uşaq olduğunu anladım. Oğlan dostuna “Mən telefonu söndürməyə məcbur qalsam, sən yenə məni yığmaq istəyərsənmi? Mənə zəng etmək istəyirsənmi?” sualını verən Luizanın tənhalıqdan necə qorxduğunu izləyirdim.

Həyat qəridədir, deyilmi? Biz, ana bətnində ən sürətli spermatozoidlə mayalanmış yumurtahüceyrələr, dünyaya gələn andan qaçış marafonuna qoşuluruq. Ən sürətli spermatozoidin seçdiyi yumurtahüceyrədən təşkil olunan bünovrəmiz əlində olduqlarını düşünməyə zamanı olmayacaq qədər məşğuldur:  qaşın formasını bəyənməyib dərd etməklə, elçilikdə az qızıl gətirən oğlan evinə nifrət püskürməklə, əlindəki pulu falçılara xərcləyib bəxt açmaq-bağlamaqla.... Səni isə xəstəxana otağında oturub şokoladla çay içə bilmənin həsrətini çəkirsən. Daha əvvəl heç ağlına da gəlməzdi ki, insan hər gün icra etdiyi bu adi məşğuliyyəti üçün belə darıxa bilər. Əslində hər şey olduqca bəsitdir --  trombdan qopan kiçik laxtanın bir saniyədə həyatınızı sonlandıracaq qədər anidir həyat. Artıq çoxdan adiləşmiş, monotonlaşmış anlarınızı rəngləndirə bilmək, sevnc qata bilməkdir yaşamaq.

Nəzakət Zeynallı