Ən çirkli çimərliklər hansıdır?
01/06/2017 524

Ən çirkli çimərliklər hansıdır?

Çirkab sutəmizləyici qurğuların quraşdırılmadığı məntəqələrdə - Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi məlumat verib.

Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

Məlumata əsasən, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan  Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir.   Son on ildə  bu ərazilərdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb.