Hitlerin unudulmuş qəsri
16/12/2018 909

Hitlerin unudulmuş qəsri

Vogelsang hərbi məktəbi

Sarışın, mavi gözlü alman zabitləri. "Seçilmişlər"

Almanca NS-Osdensburgen və ya Schulungsburgen adlandırıların məktəblərə ciddi qəbul qaydaları hökm sürürdü: 25-30 yaşlı, Nasist partiyası və Hitler Gəncliyi təşkilatları üzvləri, atletik və sağlam vücuda, açıq rəngli saçlara, mavi gözlərə sahib namizədlərə - Hitlerin Ari ideallarına üstünlük verilirdi. Gözlüklü gənclər avtomatik qaydada seçimlərdən kənar qalırdılar.

Vogelsang Milliyətçi Sosialist Qəsri  ("NS-Ordensburg Vogelsang") Nasist partiyasının elit zabitlər ordusunun yetişdirilməsi üçün nəzərdə tutulmuş 4 hərbi məktəbdən biri idi. 1934-cü ildə meşə qoynunda göl mənzərəli məkanda inşası başlanılan Vogelzang Ordensburg hərbi məktəbinin layihəsinin memar Kölnlü Clemens Klotza həvalə edildi. İnşaatın ilk fazasında 1500 fəhlə Vogelsang qəsrinin inşaatında iştirak etdi. Daha sonrakı fazalarda 300 metrə genişliyə sahib "Bilik Evi", 2000 çarpayılıq otel və Avropada ən böyük idman kompleksi inşasına başlanmışdı.

Elit siyasi liderlərin yetişdirilməsi üçün nəzərdə tutulan 3 digər məktəbdən ikincisi Bavariyada (administrativ və hərbi tapşırıqlar və diplomatiya fokuslu), üçüncüsü Polşada (şəxsiyyətin inkişafı fokuslu) yerləşirdi. Tədris modelinə uyğun olaraq 4 illik təhsilin hər mərhələsi Ordensburgenlərin bir qolunda davam edəcəkdi. 1939-cu ildə müharibənin başlanması gedişatı dəyişdirdi və 4cü məktəbdə - Ordensburg Qərbi Prusiyadakı (Polşa) təhsil planı boşa çıxdı.

Maraqlısı bu idi ki, zabitlər 2 illik təhsil ərzində müharibəyə hazırlıq təlimləri keçməmişdilər. Onlara oxatma, qılıncoynatma, atçılıq və hətta aeroplan sürmə öyrədilmişdi. Hərbi məktəbin cənnəti xatırladan təbiətə sahib ərazidə yerləşməsi, xüsusi avtobus turlarında teatra, şəhərdaxilinə səfərlər, sadə vətəndaşların kursantları coşqu ilə qarşılama mərasimlərinin bir məqsədi vardı -  nasist zabitlərdə seçilmişlik - elit təbəqəyə mənsubluq hissi yaratmaq.

müharibədən əvvəl və sonra

Hitlerin adı çəkilmir

Şleyden şəhərindəki NS-Ordensburg Vogelsang qəsri gün neo-nasistlərin sevimli ziyarət məkanlardan biridir. Ərazi II Dünya Müharibəsindən sonrakı 50 il ərzində Belçika ordusunun hərbi təlim yeri, 2006-cı ildən isə açıq muzey kimi fəaliyyətə göstərir.

Əvvəllər qəsr ərazisinə axın edən nasistlərin Hitleri dəstəkləyən şüarlar səsləndirərək yerli əhalidə və gələn qonaqlarda narazılıq oyandırırdılar. Almaniyada nasist simvolları, svastika və emblemlərinin nümayişinə, irqçi, homofob, antisemitik şüarların səsləndirilməsinə gətirilən qadağa qaydanı pozan insanların polis tərəfindən ərazidən uzaqlaşdırılmasına imkan yaratdı.

"Neo-nasistləri onlar üçün cəlbedici olan bu məkandan kənar tutmaq mümkün deyil", Jennifer Farber, Vogelzangın təhsil layihəsi koordinatoru bu fikirdədir:

"Şəxsi qənaətim budur ki, biz burada elə mühit yaratmalıyıq ki, neo-nasistlər bura gələndə özlərini narahat hiss etsinlər. Bura (Vogelzang Ordensburgen ) demokratiya öyrətdiyimiz, müxtəlif və fərqli insanları qonaq etdiyimiz, hər bir insanın bərabər hüquqlara sahib olmasını  göstərdiyimiz yerdir. Burada neo-nasistlərin inanclarının əleyhinə olan dəyərlər - dözümlülük, səmimilik, hər kəsə qapısını açaraq xoş gəldin demək və bərabər imkanlar yaratmaq kimi dəyərlər təbliğ olunur".

 

Turgidlərlə ərazini dolaşarkən Adolf Hitlerin adının çəkilməməsi diqqətçəkicidir. Jennifer Farerin hesab edir ki, turgidlərin ad çəkməməsinə səbəb diqqəti Fyurerin bütləşdirilmiş obrazından yayındırmaq ola bilər: "Hitler bura sadəcə 2 dəfə gəlib. Turgidlər ziyarətçilərin diqqətini adları hər kəsə məlum cinayətkarlara deyil, bu müharibəyə cəlb olunmuş yüzlərlə insanın həyatına yönəltməyə çalışırlar. Axı onlarsız bu müharibə mümkün olmazdı".

İdeoloji qəliblər - gündəlik dərslərdə və həyatda

1936-cı ildə açılan Ordensburgen məktəbinin dərs proqramı tam müəyyənləşməsə də, kurslarda ideolojik dərslərə kifayət qədər yer veriləcəyi öncədən məlum idi. Hitlerin ən sadiq xidmətçisi və Alman Əmək Partiyasının rəhbəri (1933-1945) Robert Ley Ordensburgen məzunlarını "Milliyətçi Sosialist ideologiyasının fanatik xətibləri" kimi xarakterizə edirdi. Nəzəri dərslər arasında  tarix fənni ilə yanaşı Rassenkunde - irqçilik elminə xüsusi yer ayrılırdı. 19-cu əsrdə inkişaf etdirilən irqçilik nəzəriyyəsi Nasistilərin inancına uyğun gəlirdi və  yarandığı ilk gündən də, daha sonralar da faşistlərin anti-Semitik davranışlarına haqq qazandırmaq üçün istifadə olunurdu. Tarix dərsləri də bənzəri funksiya daşıyırdı: tarix enişlər və yüksəlişlər dövrlərinə bölünmüş, irqçilik əsaslı nifrət əsas təkanverici, inkişafetdirici qüvvə olaraq təsvir olunmuşdu. Yeni alman tarixində 1933-cü il - Milliyətçilərin hakimiyyətə gəliş tarixi "Milli yenidən doğuluş"un başlanğıcı kimi göstərilirdi. Qısaca desək, nəzəri dərslər Nazilərin gələcək siyasi dəsti xəttinə zəmin olaraq tərtib olunmuşdu. Almanların "məkansız insanlar" obrazı ərazilərin genişləndirilməsi haqqına sahib olma hissini yaratmaq üçün vacib idi.

Ali İrqin İdealları - Heykəllər və simvollar

Nasist təbliğatında sağlam, əzələli bədənə sahib kişi heykəllərinə önəmli yer ayrılmışdı. Fiziki sağlamlıq və güc I Dünya müharibəsində zəifləmiş ölkənin hərbü gücünün yenidən dirçəlməsinə işarə edirdi. Təbii ki, nasist ideologiyasının təməlində duran Ali Alman İrqi inancı vizual olaraq təsdiqini tapmalı idi.

Nasistlər qədim yunan və roma mifologiyasından mənimsədikləri obraz və simvolları nisbətən dəyişərək onlara yeni məna gətirməyə cəhd etmişdilər. Nəticədə yaranan arxitektura nümunələri Nazi ideologiyasının təməlini təşkil edən psevdo-din fəlsəfəsi qədər mənasız idi. Yunan və roma mifoloji obrazları idman yarışlarını tərənnüm etsə də, Nazilərin yaratdığı obrazlar atletik bədənə sahib, təmiz qan almanlardan təşkil olunan və dünyanı fəth edəcək döyüşcüləri təmsil edirdi: "Siz millətin məşəl daşıyıcılarısız, siz Adolf Hitler uğrunda döyüşün ruhunu daşıyırsınız" sözləri zaibtlərə sadəcə milliyətçi ideologiya ilə yaşamağı deyil, onları təbliğ etməyi də xatırlatmağa yönəlmişdi.

Tarixə baxış: Hitlerin hakimiyyətə gəlməsi.

I Dünya müharibəsində uduzmuş Almaniyada iqtisadi depressiya, təkrar canlanmış milliyətçilik  hissi II Dünya müharibəsinin başlanmasına zəmin yaradırdı.

1929-cu ilin iqtisadi depressiyası Amerika Fond Birjasını çökdürdü və ABŞ xarici borclarını geri istəməyə başladı. Bu hadisə Almaniyanın Veimar hökümətini də  çıxılmaz vəziyyətə saldı. İqtisadi aktivliyin zəifləməsi, istehsalın azalması Almaniyada 6 milyon işsiz ordusu yaratdı. Alman höküməti başını itirmişdi. Növbəti ildə kansler Brüning işsizlərə müavinatlarını, dövlət xərclərini, maaşları azaldaraq çox böyük siyasi səhv buraxdı.   

Aclıq və qəzəb Nasistlərə əhali arasında rəğbət toplamağa kömək etdi.

 Demokratik sistemə etibarını itirən insanlar Kommunist və Nazi kimi ekstremist siyasi partiyalara yönəlməyə başladı. Hitlerin yüksək natiqlik məharəti,  dövrün siyasi partiyalarının birlikdə işləyə bilməməsi, sənayeçilərin Hitlerə verdiyi dəstək 1933-cü ildə Nasional Sosial Partiyasının (Nasist) hakimiyyətə gəlməsinə səbəb oldu.

"Fyürer, mənim Allah tərəfindən verilən Fyürerim". Nasist ideologiyası

1933-cü ildə Almaniyada hakimiyyətə gələn Nasional Sosial Partiyasının (Nasistlər) irqçi siyasəti Ali Ari İrqinin üstünlüyünü psevdoelmi sübutlarla təsdiqləyən ideologiya üzərində qurulmuşdu.

Nasistlərin Ari İrqini ali dərəcəli irq hesab etməklə yanaşı,  qeyri-ari irqlər Nasistlərin siyasi xəttində alt kateqoriyadakı insanlar siyahısında görürdülər. Təmiz Ari irqinin ən üst pilləsində almanlar və almandillilər -  hollandlar, skandinaviyalılar ingilislər dayanırdılar. Nasist ideologiyasına əsasən, şimali italıyalılar və fransızlar da alman qanı ilə qarışığı olanlardan sayılırdılar.

Nasistlərin ali hədəfi təmiz qanlı almanlardan ibarət ucaboylu, enlikürək, atletik bədən quruluşuna sahib yeni insan nəsli yaratmaq idi. Yeni ərazilərin işğalı Almaniya ərazisinin genişləndirilməsi "Ali irq yaratmaq" planı ilə paralel həyata keçirilirdi.

 Nasistlərin hazırladığı 25 bəndli Proqramı barədə Hitler özünün "Mein Kampf" kitabında bəhs edəcəkdi.

 Nasist ideologiyasının əsas sütununu aşağıdakı bəndlərdən ibarət idi:

- Alman millətinin yaşayışı üçün ərazilərin genişləndirilməsi ehtiyacı  (Lebensraum); Bütün hakimiyyətin bir insanda cəmləşdiyi təkliderli idarəetmə (Fyurer); Ari irqinin üstün olması və yəhudilərin alt irq olması ideyası (Sosial Darvinizm); Almaniya iqtisadiyyatının özünəyetərli olması ideyası; Almaniyaya Kommunistlər və Yəhudilər tərəfindən təhlükə ideyası.

Hakimiyyətə gəldikdən dərhal sonra Hitler bütün ictimai təşilatların nasistləşdirilməsinə və ya ləğvinə başladı. Bütün Almaniya ərazisində Katolik Gənclər Təşkilatı xaric, Hitler Gəncliyi təşkilatına rəqib sayıla biləcək, nasis ideyalarını paylaşmayan 400 təşkilatın qapısı qıfıllandı. 1933-cü ilin sonunda Hitler Gənclər Təşkilatının üzvlərinin sayı artıq 3.5 milyona çatmışdı.

30-cu illərin Almaniyasında məktəblərdə bədən tərbiyəsi dərslərinə xüsusi yer verilirdi. Dərs cədvəlinə ən azı gündə bir dəfə, hər səhər və axşam idman dərsləri daxil edilmişdi. Gənclər üçün Fiziki sağlamlıq, Hitlerə görə, dərslərdə "ölü faktları" əzbərləməkdən daha vacib idi.

Hitler inanırdı ki, gərgin fiziki təlimlər güvən hissini təlqin edəcək  və "bu özgüvən uşaqlıqdan hər bir almana təlqin edilməlidir. Onun bütün təhsili və təlimi digərləri üzəridə mütləq üstünlüyə əminlik yaratmağa doğru tərtib olunmalıdır". Hitler təhsili alman oğlanlarında milliyətçi entuziazmın artırılması vasitəsi hesab edir, özlərini Ata torpağı uğrunda hər an qurban verməyə öyrədirdi. Məktəb zallarında tez-tez nəyinsə uğrunda ölümə hazırlığı təsvir edən qəhrəmanlıq və hazırlıq mövzuları təbliğ edilirdi.

Hitler gənclərinin çoxu Hitleri Fyürer-Allah olaraq görür və dua edirdilər: "Fyürer, mənim Allah tərəfindən verilən Fyürerim. Mənim həyatımı ömür boyunca qoru və hifz et. Sən Almaniyanı çətin anında xilas etdin. Mən gündəlik çörəyimə görə sənə minnətdaram. Uzun zaman mənimlə qal, məni tərk etmə, Fyürer, mənim Fyürerim, mənim etiqadım, mənim işığım, Salam olsun mənim Fyürerimə!"