Mehman Hüseynovun səhhəti ilə maraqlanan yoxdur
10/07/2017 94

Mehman Hüseynovun səhhəti ilə maraqlanan yoxdur

Bu barədə məhbus bloqçu Mehman Hüseynovun vəkili  Şəhla Hümbətova iyulun 10-da məlumat verib.

Şəhla Hümbətova qeyd edib ki, Mehman Hüseynovun səhhəti ilə bağlı  Ombudsman Aparatına müraciət edilsə də, Mehmanın səhhəti ilə maraqlanan olmayıb: “Mehman Hüseynovun ayaqları ağrıyır, damarlarında problem var. İki dəfə ombudsmana müraciət edilmişdi. Müraciətlər onun şəxsiyyət vəsiqəsi ilə təmin olunması və xəstəliyi ilə bağlı idi. Vəsiqə problemi həllini tapdı, Ombudsman Aparatının əməkdaşları 14 saylı Cəzaçəkmə Müəssisəsinə gedib Mehman Hüseynova şəxsiyyət vəsiqəsi verdilər. Amma xəstəliyi ilə əlaqədar heç bir tədbir görülmür".
Vəkil Mehmanın əməliyyat olunması ilə bağlı həkim rəyinin olmasına baxmayaraq, ombudsmanın faktı təksiz etdiyini söyləyir: "Ombudsman mediaya açıqlamasında demişdi ki, guya Mehman cəzaçəkmə müəssisəsində rejimə riayət etmir, futbol oynayır, ona görə ayaqlarından şikayətlənir. Əslində isə bu ağrılar xəstəliklə əlaqədardır. Mehman Hüseynov buna görə yalnız bircə dəfə, o da Bakı İstintaq Təcridxanasında olanda müayinədən keçib”.
Qeyd: Mehman Hüseynov 2017-ci il, yanvarın 9-da Bakının Nəsimi rayonunda saxlanıb. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Yanvarın 10-da Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovu məhkəməyə verib.
Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Musa Musayevin iddiası əsasında 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Xatırladaq ki, müxalif bloqçu Mehman Hüseynovun  qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.