
"Ölən üçün ağlamayın..." - Pərvanə Rəhimli
Şəmkirdə iki azyaşlı uşağı ilə intihar edən Pərvanə İbrahimova haqqında xəbər yunanlı şair Evripidin “Medeya” əsərini yaddaşımda canlandırdı. Uzun müddət uşaqlıq yaddaşımdan silinməyən sarsıntıya səbəb olmuş bu əsərdə övladlarının canına qıyan ana haqqında ilk dəfə oxuyurdum. Bəlkə o zaman az yaşım vardı deyə əsərdə yazılanlara real hadisə kimi yanaşmışdım. Ancaq eyni sarsıntıdan daha artığını texnologiya əsrində − dünyanın başqa bir ölkəsində kosmonavt qadın yer kürəsi ətrafında dövrə vurduğu vaxtda, mənim ölkəmdə bir azərbaycanlı qadının çıxış yolu kimi özünü və övladlarını öldürməsi xəbərini oxuduqda yaşadım. Yanlış anlamayın. Məqsədim bu ağrını sizlərə yükləmək deyil.
Ölkəmizin savadsız və hüquqlarından xəbərsiz qadınları minlərlədir. Onları potensial qatil, intiharçı olmağa sürükləyən səbəblər də eynidir: ərə getdiyi ailədən maddi asılılıq, üzlərinə ata evi qapısının goradək bağlı olması, əksər hallarda ata, qardaşın ər evində zorakılığa məruz qalan qadınla boşanma istəyinə görə bütün əlaqələrini kəsməsi və s. Əri qayınanası, qayınatası tərəfindən döyülən, küçəyə atılan, yaxud uşağı əlindən alınan qadın çıxış yolunu “Ailə, uşaq, qadın komitəsi”, qadın təşkilatları, icra hakimiyyətlərinin bu sahədə səlahiyyətli nümayəndəliklərində deyil, ölməkdə görürlər. İllərlə uşağına alliment verməkdən qaçan, övladlarının anasını təhqir edib döyən ərlərin, qızının üzünə camaatdan ayıbdır deyə qapısını bağlayan ataların, anaların namus anlayışı, əxlaq kodeksi neçə canlar alacaq? Pərvanənin gün keçdikcə aydınlaşan intihar təfərrüatlarına nəzər yetirdikcə kələfin ucunu tapmaq çətin olmadı.
Ölümündən öncə anasına mən o evdə yaşaya bilmirəm, ərim də Rusiyada işləyir deyən qızına anasının cavabı “qayıt evinə” olub. El- oba nə deyər qınağı
cəmiyyətimizin qadın anlayışının iç üzünü çılpaqlığı ilə göstərir. Bəs əsas günahkar olan qayınana , qayınata, yaxud övladına mənəvi, fiziki işkəncə verilməsinə səssizcə göz yuman ana necə, məsuliyyətə cəlb ediləcəkmi? Yoxsa yenə camaat, el nə deyər qınağı o daş sehrini qoruyacaq? Əksər bölgələrdə, xüsusilə kəndlərdə qız övladlarını bir tikə çörəyi olsun fikrilə ərə verən valideynlərin qızlarının qulağına dəfələrlə pıçıldadığı “ər evindən meyidin çıxa bilər” əzbər kəlamının ölüm sükutu pozulmayacaqmı? Heç oğlan uşağını abort edən ana eşitmisiz? Ancaq qızlar abort edilə bilər...
Əgər xatırlasanız cəmiyyətimiz bir müddət əvvəl Qəbələnin Kürd kəndində 3 uşaq anası hamilə Vüsalə Verdiyevanın əri tərəfindən qətlinə də beləcə ciddi reaksiya vermədi. Əksəriyyət yenə vicdanını sosial şəbəkələr vasitəsilə sakitləşdirəcək sözlər tapıb klavişlərə sarıldı. Bəziləri məsələnin həllini düşüncənin dəyişməsini gözləməkdə, valideynlərin insafa gəlməsində, əksəriyyət isə təhsildə islahatlar aparılmasında, işsizlikdə gördü. Aydınlanmamız lazımdır. Bütün bu mərhələlərin nə vaxtsa gerçəkləşməsinə ümid etsək, övladlarını özülə birgə çıxış yolu tapa bilməyib qətl edən məsum qatillərin−Pərvanələrin sayı artacacaq.
Öncə bölgələrdə məişət zorakılığına məruz qalmış qadınlar, uşaqlar üçün reabilitasiya mərkəzi−sığınacaq evləri açılmalıdır. Bu problemlərdən əziyyət çəkən qadın getməyə yer olmadığı üçün çarəsizlikdən özünü qatar altına atmaqda, evdən qaçmaqda deyil bu mərkəzlərə üz tutmaqda görər. Zorakılığa məruz qalmış qadınların hüquq problemləri həll edilənədək sığınacaqlarda yaşaması və onların polis tərəfindən qorunması labüddür. Bəs bu sığınacaqlar hansı yolla ayaqda qalmalıdır? Öncə ərzaq və geyim fondu yaradılmalıdır. Mən müğənnilər, imkanlı şəxslərə və sadə vətəndaşlarımıza müraciət edirəm. Lütfən hər kəs bu sığınacaqlara geymədiyi təmiz geyimindən tutmuş yemədiyi əlavə çörəyinə qədər gücü nəyə çatırsa yardım edib daha dəhşətli qətllərin, intiharların baş verməsini əngəlləsin. Bu problemi işıqlandırmaq üçün jurnalistlərin həmrəyliyinə ehtiyac var. Sosial şəbəkələrdə könüllü psixoloq, müəllim, həkim qrupu yaradıb ayda bir dəfə bu sığınacaqlara baş çəkək. Şəxsən könüllü olaraq bu mərkəzlərdə maarifçilik yönündə işlər görməyə hazıram. Əminəm qadın təşkilatları ayda bir dəfə bölgələrə səfər edib ailələrdə qadınlarla söhbət aparsa, bu kimi problemlərin həlli istiqamətində səhiyyə, hüquq , psixoloji yöndə maarifləndirici təlimlər keçirsələr bu tip dəhşətli intiharların sayı azalacaq. Bölgələrdə hələ bilmədiyimiz neçə dəhşətli ailədaxili məişət zorakılığı− qadın, uşaq işgəncələri yaşanır. Onların humanist insanlara ehtiyacı var. Lütfən hamılıqla yardım edək. Yunanlı şair Evripid demişkən: “Ölən üçün ağlamayın, çoxlu məşəqqətlərlə qarşılaşacaq doğulan üçün ağlayın”.
Müəllif: Pərvanə Rəhimli
Digər xəbərlər
-
07/08/2017 849
-
07/08/2017 765
-
06/08/2017 700
-
06/08/2017 868