Vərəsəlik və hüquqi maariflənmənin əhəmiyyəti
15/03/2016 156

Vərəsəlik və hüquqi maariflənmənin əhəmiyyəti

Vətəndaşlar arasında yaranan mülki mübahisələr arasında vərəsəliklə bağlı yaranan mübahisələrin sayı yetərincədir. Vərəsəlik, praktik həyatımızda milli-dini mənsubiyyətimizdən dolayı ("camaat nə deyər", "deyərlər ki, ata mülkünü bölüşə bilmirlər", "miras üçün dava edirlər" və sair fikir və ifadələr) müzakirə olunmayan, necə deyərlər, "efirə çıxmayan", haqsızlıq və ədalətsizliklərin çox olduğu bir hüquq sahəsi, bu səbəbdən də daha ciddi nizamlanmağa və yenilənməyə ehtiyacı olan bir hüquq bölümüdür.

Mirasın (vərəsəliyin) qəbul edilməsində əsas mexanizm sayılan müddətlər Azərbaycanda vərəsəliklə bağlı yaranan əsas problemlərdən biridir.

Mülki Məcəllənin (MM) 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Hüquqşünas Cavanşır Seyidov 3 ay müddətini vərəsəliyin qəbulu üçün çox qısa dövr hesab edir: "Vərəsələrin başı dəfn və yas prosudurlarına qarışdığından miras qəbul edilmə müddətini ötürürlər. Vəfat edənin “40”-ı cixandan sonra hər hansı vərəsənin mirasın qəbulu üçün notariusa müraciət etməsi həmin şəxsi cəmiyyətdə qınaq obyektinə çevirə bilər, heç kim bu hərəkəti düzgün qarşılamaz və ətrafdakılar onu mülkiyyət hərisi kimi qələmə verə bilər”. Hüquqşünas vərəsəliyin qəbul müddətinin 9 və ya 1 ilə qədər uzadılmasını tövsiyyə edir.

C.Seyidovun fikrincə, əksər hallarda notariat orqanları müddətin keçməsini əsas gətirərək, vətəndaşın ərizəsini qəbul etmirlər. Bu halda vərəsələr müddətin bərpası üçün məhkəməyə müraciət etməlidirlər. Əgər məhkəmə müddətin ötürülməsini üzrlü sayarsa, bu barədə AKT qəbul edir və bu aktda notariusdan xahis olunur və ya tövsiyyə olunur ki, vərəsəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin.

Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-in 1322-ci maddəsində isə qeyd olunur ki, vərərəlik şəhadətnaməsi 6 ay keçdikdən sonra istənilən vaxt verilə bilər. Cavanşir Seyidov bu iki maddənin ziddiyyət təşkil etdiyini, yaranan dilemmanın notariusların sui-istifadəsinə şərait yaratdığını bildirir: "Bu halda notariuslar qanunsuz və əsassız olaraq mirasin qəbulu haqda ərizəsini almaqdan imtina edirlər, yəni bu dilemma notariusların mülahizə sərbəstliyinə və manevrlərinə gətirib çıxarır. Bu maddə vətəndaşın xeyrinə yozulmalı olduğu halda, onların ziyanına yozulur".

Vəkil Paşa Seyidov hesab edir ki, MM-in 1246-cı maddəsində mirasın qəbulu üçün son hədd kimi nəzərdə tutulan 6 ay “mirası faktiki qəbul etməyən vərəsələrə aiddir və 3 və 6 ay müddətləri qəbul ediləcək mirasın qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi xarakteri daşıyır: "Vərəsə mirası MM-in 1243.2-ci maddəsinin tələbinə uyğun olaraq faktiki qəbul etmişsə, o zaman 3 və ya 6 aylıq müddətin əhəmiyyəti itir. Belə olan halda vərəsə istənilən zaman (hətta 50 ildən sonra) mirasın qəbulunu rəsmiləşdirmək üçün məhkəməyə müraciət edə bilər".

MM-in 1248-ci maddəsinə uyğun olaraq isə, vərəsə hər bir halda özünə uyğunlaşdırılmış müddətdə və zamanda mirasın qəbul edilməsi üçün nəzərdə tutulan müddətin uzadılmasını məhkəmədən tələb edə bilər.
Vərəsəlikdə mübahisəyə səbəb ola biləcək digər bir məqam MM-in 1322-ci maddəsində "vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir" müddəasındakı “istənilən vaxt” ifadəsidir. “İstənilən vaxt” ifadəsinin praktik izahını şərh edən vəkil Paşa Səfərov bunun “ağlabatan müddət” anlamı daşıdığını söyləyir, yəni notariat orqanı şəhadətnamənin istənilən vaxt verilməsini ən qısa zamanda həyata keçirməlidir. Əgər bu müddət uzanırsa o zaman bu hərəkətsizlik ağlabatan olmalı və əsaslandırılmalıdır.

Vəkil Paşa Səfərov MM-in 1252-ci və MM-in 1246-cı maddələrinin bir-biri ilə ziddiyyət təşkil etdiyini qeyd edir: "MM-in 1252-ci maddəsi MM-in 1159-cu maddəsində nəzərdə tutulduğundan və 1246-cı maddəsinə zidd olduğundan ləğv olunmalıdır". Paşa Səfərov 3 aylıq müddətin bütün vərəsələrə şamil edilmədiyini, MM-in 1287.1-ci maddəsində nəzərdə tutulan gələcək vərəsə ola biləcək şəxs üçün bu müddətin və MM-in 1246-cı maddəsinin şərtinin heç bir əhəmiyyəti olmadığını qeyd edir. Hüquqşünas sözügedən normanın həmin müddəti vərəsəyə “vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən” hesablanmasını xatırlatdığını da söyləyir. Buradan aydın olur ki, miras açıldıqdan 2 ay sonra vərəsə bu barədə məlumat alırsa, o zaman onun 3 aylıq müddəti həmin tarixdən hesablanacaq (bu hal bir qayda olaraq irsi transmissiyada nəzərdə tutulub (MM-in 1252-ci maddəsi)). Bundan başqa qanunvericilik mirasın qəbulu üçün xüsusi müddət də müəyyən edir ki, onun da məzmunu MM-in 1247-ci maddəsində nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Post Sovet ölkələrindən Rusiya Federasiyası (MM-in 1154-cü maddəsin, I hissə) və Özbəkistan Respublikasının (MM-in 1146-cı maddəsi) qanunvericiliyində də mirasın qəbulu onun açılmasından keçən 6 ay müddətində qəbul edilə bilər.

Notariuslarda durum necədir?

18 yaşlı Əhməd Abbaslı yaşadığı yer üzrə notarial kontorunun nümayəndəsinin onun hüquqlarını pozduğunu qeyd edir. Gəncin atası dünyasını dəyişdikdən sonra, gəncin qanun üzrə 1-ci dərəcəli vərəsələr sayılan anası və bacısının onun xeyrinə imtina ərizəsi imzalayır. Ə.Abbaslı yeganə vərəsə olduğunu bildirsə də, ərazi üzrə notariat kontorunun notariusi gəncə başqa vərəsənin çıxma ehtimalına görə 6 ayı gözləməli olacağını bildirir. 6 ay müddətinə əməl edən ərazi notariusu Əhməd Abbaslıya "get digər vərəsələri özün axtar", cavabını verərək qəsdən və ya bilgisizlikdən “Notariat haqqında” Qanunun 55-ci maddəsini pozur. Qanunun 55-ci maddəsində deyilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağırmalıdır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 96-cı bəndinə görə, vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

Bənzər müddəalar Azər­bay­can Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin 2000-ci il 11 sent­yabr ta­rix­li, 167 nöm­rə­li qə­ra­rı ilə təs­diq edil­miş­ “Azərbay­can Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 83-cü bəndində də nəzərdə tutulmuşdur.

Notariusların kütləvi elan verməsi barədə müddəanı şərh edən 12 saylı notariusun adının çəkilməsini istəməyən nümayəndəsi bu müddəanın qeyri-müəyyən olduğunu, faktiki olaraq işləmədiyini qeyd edir: "Notarius qəzetə, hər hansı mediyaya elan vermək üçün pulu öz cibindənmi ödəməlidir??" Notarial kontorun əməkdaşı mirasın qəbulu ilə bağlı qanunların Rusiyadan köçürülmə olduğunu vurğulayır.

Notarial kontorun nümayəndəsi vərəsəliklə məşğul olmaq üçün ayrıca qurum yaradılmasını zəruri sayır: "Bilirsiniz də, "jeklər" lər (red. mənzil kommunal təsərrüfatları) ləğv edilib, yəni faktiki olaraq onların bütün səlahiyyətləri əllərindən alınıb. Ancaq biz vərəsəlik şəhadətnaməsini onların arayışları əsasında veririk. Jek hardan bilir, kim harada yaşayır və ya qeydiyyatdadır?"

Mirasın faktiki qəbulu

Vərəsəliklə bağlı ən cox sual yaradan məsələlərdən biri də miras qoyanın əmlakının faktiki qəbulu ilə bağlıdır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.

Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Belə ki, miras qoyan öldükdən sonra vərəsələr onun əmlakını faktiki olaraq idarə edirlər (məs., evində yasayırlar və ya hər hansı mülkiyyətini idarə edirlər). Lakin vərəsələr notariusa miras əmlakin qəbul edilməsi ilə bağlı vaxtında müraciət etmirlər. Bu zaman huquqi faktın tanınması üçün, yəni mirasın qəbul edilməsi ilə baglı məhkəməyə müraciət edilir.

Vəkil Aqil Layıc məhkəmələrin mirasın faktiki qəbulu ilə bağlı məsələyə yanaşmada vahidlik nümayiş etdirmədiklərini qeyd edir.

Vəkil Paşa Səfərov da mirasın faktiki qəbulu ilə bağlı vərəslik mübahisələrinin məhkəmə tərəfindən həll olunması zamanı konkret praktiki təcrübənin olmadığı qənaətindədir. O, faktiki qəbulla bağlı işlərə baxılan zaman məhkəmənin işin hallarına uyğun olaraq vərəsəlik hüquq münasibətlərinin yaranmasını, mirasın mövcudluğunu, vərəsələrin dairəsini və vərəsənin mirası faktiki qəbul etməsi hallarını araşdırdığını söyləyir.

Mirasın faktiki qəbulunu sübut etmə isə vərəsənin üzərinə düşür və vərəsə mirası məhz hansı əsasla, hansı zamanda və hansı həddə qəbul etməsinin faktiki hesab olunan halını sübut etməlidir.

Vərəsəlikdə növbəlilik: bu haqda nə bilirik?

Azərbaycan vərəsəlik hüququ qanun üzrə vərəsəlikdə növbəlik institutunu qəbul edir və bir əvvəlki növbənin vərəsələrindən ən azı birinin olması, sonrakı növbə vərəsəliyi istisna edir (MM-in 1160-cı maddəsi). Vəkil Paşa Səfərovun fikrincə, vərəsəlikdə belə bir növbəliyin olmasına ehtiyac yoxdur. Vəkil bu məsələdə Türkiyə praktikasını örnək götürməyin faydalı olacağı qənaətindədir. Türkiyə Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, vərəsəliyə miras qoyanın bütün növbə vərəsələri çağırılır və hər növbə vərəsə həmin növbəyə ayrılmış miras payından ona düşən payı qəbul edir.
Bir çox hüquqşünaslar insanların vərəsəliklə bağlı bilgilərinin kifayət olmadığını vurğulayırlar. Əksək hallarda varislər növbəliliklə bağlı qanunvericiliyin normalarından xəbərsiz olur, çox insanlar isə varislərin ancaq övladlar olduğunu düşünür. İnsanların vərəsəlikdə növbəliliyi bilməmələri, bildikləri halda isə bəzən buna əhəmiyyət verməmələri və ya haqsızlığa meyl etmələri, bilən varislərin digərlərindən bunu gizləməyə çalışmaları bu sahədəki mübahisələrin başlıca səbəblərindəndir. Hüquqşünasların fikrincə, cəmiyyətin mirasıla bağlı qanunlar haqqında məlumatlandırılması və maarifləndirilməsi insanlar arasında baş verən mülki mübahisələrin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Post Sovet ölkələrindən Ukrayna vərəsəliklə bağlı qanunlarda bir sıra dəyişikliklər etmişdir. Ukrayna mirasın qəbul edilməsini sadələşdirmək məqsəilə kənddə yaşayan əhalinin vərəsəliyin birbaşa yaşayış yerində - kənd sovetinin məsul şəxsinin verdiyi sənədlə qeydiyyata alınması haqqında qanun qəbul edib. Bu halda kənd yerində notarius axtarmağa ehtiyac qalmır və kənd sovetinin məsul şəxsinə ərizə vermək və mirası qəbulu qeydiyyata almaq kifayət edir.

Bundan əlavə, Ukraynada vərəsəliklə bağlı qəbul edilən yeni qanunda əmlakın məcburi qiymətləndirilməsi proseduru da ləğv edilərək, birinci və ikinci dərəcəli vərəsələr vergidən azad olunub. Yəni ər-arvad, valideyin-uşaq, nənə-baba, qardaş-bacının vərəsəliyi sənədləşdirilərkən heç bir vergi ödənilmir. Mirası qəbul edən vərəsələr, fiziki şəxslərin gəlir vergisindən büdcəyə vergi ödəməlidirlər ki, burada da bəzi nüanslar nəzərə alınır.

Almaniya Federativ Respublikasının qanunlarına əsasən isə, ailə başçılarından biri dünyasını dəyişərsə və ailədə yetkinlik yaşına çatmayan övlad varsa, digər qohumlar mirasdan pay hüququnu itirirlər. Varisin əmlakının yarısı həyat yoldaşına çatır, digər yarısı isə övladlar arasında bərabər bölünür. Bu halda həyatda olan ailə başçısı dünyasını dəyişmiş varisin əmlakını məhkəmənin qərarı olmadan sata bilməz, çünki qanunlar bu məsələdə yetkinlik yaşına çatmayan vərəsələrin hüquqlarını qoruyur.

Nəzakət Zeynallı